CAHF: Mənzil maliyyələşdirilməsi bazarlarının böyüməsi dəqiq məlumatların mövcudluğundan asılıdır
- 20 may, 2026
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil maliyyələşdirilməsi bazarlarının böyüməsi və investisiya cəlbediciliyinin artırılması birbaşa dəqiq məlumatların mövcudluğundan asılıdır.
"Report" xəbər verir ki, bunu Afrika Yaşayış Sahələrinin Maliyyələşdirilməsi Mərkəzinin (CAHF) İcraçı Direktoru Keşia Rast Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.
O, mənzil maliyyələşdirilməsi sektorunda şəffaflığın və statistik göstəricilərin böyük önəm daşıdığını qeyd edib: "Məncə, ən fundamental məsələ bazar məlumatıdır. Əslində, burada siz məlumatın mövcud olduğu mənzil maliyyələşdirmə bazarlarının böyüməsini görürsünüz, bu da olduqca məntiqlidir, çünki insanlar görə bildikləri bazara üz tutur, ya da görə bildikləri və başa düşdükləri bazarda fəaliyyət göstərir, oraya doğru genişlənməyə başlayırlar. Afrikada elə yerlər var ki, biz orada neçə ipoteka kreditinin olduğunu saymaqda belə çətinlik çəkirik. Mərkəzi Bankda bu məlumatlar olmalıdır və onlar bunu ictimai məkanda paylaşmırlar. Bu isə ipotekanın ÜDM-ə olan nisbətini bilmək üçün kifayət qədər fundamental bir göstəricidir".
Qonaq rəsmi tikinti statistikası ilə kirayə bazarındakı real artım dinamikası arasında kəskin fərqlərin olduğunu bildirib: "Keniyada 10 il ərzində hökumət ölkədə ildə 50 000 mənzilin tikildiyini deyir. Yaxşı, bəs həmin dövrdə kirayədə qaldığını deyən ev təsərrüfatlarının sayı 1,6 milyon artıb - bu isə ildə təxminən 160 000 ev təsərrüfatı deməkdir. Bu mütləq o deməkdir ki, kimsə onlar üçün bu mənzilləri tikir və burada böyük bir gizli iqtisadiyyat var. İnvestisiya axınını təmin etmək və layihələri cəlbedici etmək üçün makroiqtisadi səviyyədə həllini gözləyən fundamental risklər var. Bizə siyasət çərçivəsinin sabitliyi lazımdır, bunun daxilində kapitalın dəyəri durur. Digər mühüm məsələ isə valyuta riskidir. Beynəlxalq investorlardan böyük maraq olsa da, hedcinq o qədər bahadır ki, buna qətiyyən dəyməz. Bu sahədə hansısa makro səviyyəli yardıma ehtiyac var".