Bu il üçün gəmilərin Kurık və Ələt limanlarına giriş tarifləri razılaşdırılıb

İnfrastruktur
  • 05 mart, 2025
  • 14:45
Bu il üçün gəmilərin Kurık və Ələt limanlarına giriş tarifləri razılaşdırılıb

Qazaxıstanın Mangistau vilayətindəki Kurık limanı və Bakıdakı Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı 2025-ci il üçün gəmilərin limanlara giriş tariflərini razılaşdırıb və müddətini uzadıb.

Bu barədə “Report”a “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasından (TBNM) məlumat verilib. Bildirilib ki, fider gəmilər üçün tarif 3,5 min ABŞ dolları, bərələr üçün isə 3 min ABŞ dolları təşkil edəcək.

Bununla bağlı qərar TBNM Beynəlxalq Assosiasiyasının dünən Bakıda keçirilən 22-ci iclasında qəbul edilib.

TBNM-in inkişafı üzrə işçi qrupa marşrut çərçivəsində rəqabətqabiliyyətli tarif şərtlərinin yaradılması istiqamətində işləri davam etdirmək tapşırılıb.

Bundan başqa, assosiasiyanın ümumi yığıncağında Azərbaycan və Gürcüstan Dəmir Yollarının inventar parkında istifadə üçün fitinq platformalarının ayrılması, həmçinin Qazaxıstan Dəmir Yollarının vaqon yardımı göstərməsi də təsdiq edilib.

Qərara əsasən, Azərbaycan və Gürcüstan ərazilərində istifadəyə görə müəyyən edilmiş tarif üzrə 30 % güzəşt, Qazaxıstanda isə ödənişdən tam azadolma tətbiq olunacaq.

Bundan əlavə, görüş çərçivəsində “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlər imzalanıb.