BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək

İnfrastruktur
  • 30 sentyabr, 2021
  • 14:28
BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik ("Azərkosmos") və Bakı Nəqliyyat Agentliyi arasında görüş keçirilib.

"Report" "Azərkosmos"a istinadən xəbər verir ki, ikitərəfli görüşdə “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi arasında “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.

Həmçinin, “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq, NİİM Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrədə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.