BMT rəsmisi: "Bütün qitələrin şəhərlərində insanlar artan yaşayış xərcləri üzləşir"
- 19 may, 2026
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bütün qitələrin şəhərlərində insanlar artan yaşayış xərcləri və əlçatan mənzillərin ciddi çatışmazlığı ilə üzləşirlər.
"Report" xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, dünyada evsiz insanların sayı artır: "İrimiqyaslı inkişaf layihələri milyonlarla insanı evindən didərgin salır. İqlim xaosu ailələrin evlərindən çıxmasına səbəb olur və onların yaşayış mənbələrini məhv edir. Müharibə zonalarında isə insanlar qaçmağa və ən ağır şəraitdə yaşamağa məcbur olurlar. Yoxsulluq içində yaşayanlar və ən həssas vəziyyətdə olanlar, o cümlədən qadınlar və qızlar ən çox zərər çəkirlər. Ölkələr arasında və ölkələr daxilində bərabərsizliklər dərinləşir. Bir çoxunuz bu reallıqları öz şəhər və icmalarınızda birbaşa görürsünüz".
Ali Komissar əlavə edib ki, digər tərəfdən, problemlər böyüdükcə insanlarda yaradıcılıq, həmrəylik və öhdəliklə cavab vermək qabiliyyəti artır: "Bəzi şəhərlər insanları ön plana qoyan siyasətlərlə diqqətəlayiq irəliləyiş əldə edirlər. Məsələn, Cənubi Koreyanın Qvancju, Uruqvayın Montevideo, Avstriyanın Vyana və bir çox digər müxtəlif şəhərlər ictimai əlçatan mənzil tikintisizinə sərmayə qoymağa davam edirlər. İspaniyada Barselona irimiqyaslı spekulyasiyanın qarşısını almaq üçün vergi islahatları qəbul edib. Kolumbiyada Medeljin və digər şəhərlər köçürülmüş insanlar üçün inklüziv mənzil proqramları həyata keçiriblər. Bu səylər daha geniş transformasiya üçün yol aça bilər".