BMT rəsmisi: "Azərbaycanın WUF13-ə ev sahibliyi mühüm qlobal mərhələdir"

İnfrastruktur
  • 10 aprel, 2026
  • 10:34
BMT rəsmisi: Azərbaycanın WUF13-ə ev sahibliyi mühüm qlobal mərhələdir

Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi mühüm qlobal mərhələdir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

O qeyd edib ki, BMT tədbirin uğurlu və təsirli keçməsini təmin etmək üçün sistemli dəstək verməyə hazırdır: "WUF13 Azərbaycanın davamlı şəhərsalma, iqlimə davamlılıq, inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, eyni zamanda beynəlxalq tərəfdaşlığı gücləndirmək və dayanıqlı inkişaf məqsədlərini irəli sürmək üçün unikal imkan yaradır. Bu kontekstdə biz 'WUF13'-ün nəticələrinin bizim əməkdaşlıq çərçivəmizin prioritetlərinə yaxından uyğunlaşmasını və onların uzunmüddətli inkişaf təsirinə töhfə verməsini təmin etmək üçün milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik".