BMT məsləhətçisi: "Kənddən şəhərə iqlim miqrasiyası təhlükəsizlik məsələsinə çevrilir"
- 21 may, 2026
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim miqrasiyası şəhər təhlükəsizliyini yeni mərhələyə daşıyır.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
Onun sözlərinə görə, iqlim təhlükəsizliyi sülh quruculuğu, münaqişələrin qarşısının alınması və beynəlxalq sülh və təhlükəsizlik mühiti kontekstində mühüm əhəmiyyət daşıyır: "İqlim təhlükəsizliyi sahəsində kənddən şəhərə miqrasiya artıq geniş şəkildə qəbul edilən və xüsusi vurğulanan əsas tendensiyalardan biridir. Bu baxımdan şəhər kontekstinə daha çox diqqət ayrılmasına ciddi ehtiyac olduğu aydındır. Düşünürəm ki, bu konfransda şəhər iqlimi elementi nisbətən yaxşı təmsil olunub. Lakin təhlükəsizlik, sülh və bu qlobal tendensiyanın sosial sabitliyə təsiri müzakirə olunarkən bu aspektlər hələ də kifayət qədər yer almır. Hesabata qayıtsaq, şəhər iqlim təhlükəsizliyi sahəsinə diqqət yetirməyimizin iki əsas səbəbi var. Birincisi, şəhər və qəsəbələrdə iqlim qeyri-sabitliyinin sosial və siyasi hərəkətverici qüvvələridir. Bu faktorlar daha mürəkkəb sosial, demoqrafik və yerli siyasi dinamikalarla sıx bağlıdır.
Daha bir, bəlkə də daha sadə və birbaşa səbəb isə şəhərlərdə artıq mövcud olan siyasi və bürokratik idarəetmə strukturlarıdır. Buraya şəhər rəhbərlikləri, planlaşdırma orqanları, xidmət təminatçıları və getdikcə daha çox erkən xəbərdarlıq sistemlərinin qurulmasına və planlaşdırma strategiyalarına töhfə verən qurumlar daxildir. Lakin iqlim təhlükəsizliyi məsələləri müzakirə edilərkən bu aktorlar çox vaxt prosesə yetərincə cəlb olunmur".