Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib

İnfrastruktur
  • 14 aprel, 2025
  • 18:06
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib

"Bakı-Siyəzən" şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, "Bakı-Siyəzən" marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Bus Service" MMC, 216 nömrəli şəhərətrafı ("Koroğlu" metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "General Auto Company" komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

44 filmi