Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB

İnfrastruktur
  • 17 aprel, 2026
  • 11:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb.

"Report" xəbər verir ki, yenidən qurulmuş stansiyada müasir standartlara cavab verən ümumi gözləmə və VİP zallar sərnişinlərin xidmətində olacaq.

Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,1 manatdır.

Bilet satışı ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə 300 mindən çox əhali üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

"Report" xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı aprelin 17-dən başlayır.