Bakı metrosunda maşinist peşəsi üzrə təlimlərə 10 nəfər qəbul olunub
- 23 fevral, 2022
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Metropoliteni" QSC ötən ilin dekabr ayında verdiyi elana əsasən, maşinist peşəsi üzrə seçimi başa çatdırıb.
“Report” xəbər verir ki, ilk dəfə maşinistlərin hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Əldə olunmuş qarşılıqlı razılığa əsasən, qurum tədris proqramının müəyyən edilməsində, tədris prosesinin təşkilində yaxından iştirak edir.
Maşinistlərin seçim prosesi üç mərhələdə aparılıb. Elektron ərizə qəbulu bazasına daxil olmuş 209 müraciətə baxılaraq, qoyulmuş bütün tələblərə uyğun gələn 70 nəfər, müsabiqənin birinci mərhələsinə çağırılıb. Bu mərhələnin imtahanı test üsulu ilə aparılıb. Bakı metropoliteni haqqında ibtidai biliklər və məntiq testindən yalnız 28 nəfər məqbul nəticə ilə növbəti mərhələyə buraxılıb.
İkinci mərhələ kadr komissiyası və psixoloq qarşısında iki müsahibədən ibarət olub. Bu mərhələdə, ixtisas və peşə tələbləri, maşinist peşəsi üzrə ibtidai biliklər, həmçinin psixoloji durumun ümumi qiymətləndirməsini əhatə edib. Bu mərhələni 10 nəfər uğurla keçib.
Üçüncü mərhələ - tibbi yoxlamadan keçmiş 10 müdavimin iştirakı ilə 6-7 ay davam edəcək təlimlər prosesinə başlanılıb.