Bakı metrosu Türkiyə istehsallı sistem və avadanlıqları tətbiq edə bilər

İnfrastruktur
  • 21 dekabr, 2021
  • 06:22
Bakı metrosu Türkiyə istehsallı sistem və avadanlıqları tətbiq edə bilər

Azərbaycana səfər etmiş Türkiyənin İstanbul metrosunun və “Aselsan” şirkətinin rəhbər şəxsləri "Bakı Metropoliteni" QSC-də olublar.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəisi Zaur Hüseynov qonaqlarla görüş keçirib. Görüşdə Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Mirzəzadə də iştirak edib.

Z.Hüseynov Bakı metrosunun texnoloji yenilikləri və perspektivləri barədə geniş təqdimat edib. Metronun Təlim-tədris mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edən İstanbul metrosunun rəhbəri Özgür Soy belə bir tədris mərkəzi qurmaq üçün bakılı həmkarlarının təcrübəsini öyrənəclərini bildirib. QSC sədri bu məsələdə bütün məlumatların təqdim ediləcəyini və kömək göstəriləcəyini vurğulayıb.

Z.Hüseynov Bakı metropolitençilərinin İstanbula səfərindən sonra qarşılıqlı əməkdaşlıq üçün daha geniş zəmin yarandığını qeyd edib. O, İstanbul metrosunun yeni xətlərinin və Türkiyə istehsalı olan sistem və avadanlıqların tətbiqi imkanlarının öyrənilməsi istiqamətində müvafiq tapşırıqlar verildiyini və artıq ilkin nəticələr olduğunu bildirib. Bu xüsusda “Aselsan” şirkətinin müxtəlif sahələr üzrə rəhbər şəxsləri ilə də müzakirələr aparılıb.

"Bakı Metropoliteni" ilə ətraflı tanışlıq “Nərimanov” elektrik deposunda unikal layihə əsasında inşa olunmuş dispetçer mərkəzləşmə məntəqəsi, videomüşahidə, işarəvermə avadanlıqları sahələri ilə davam edib. Qatarların depo ərazisində hərəkətinin təşkilinin yeni sistemləri barədə məlumat təqdim olunub. Vaqonların cari və əsaslı, habelə yeni inşa olunmuş elektrik mühərriklərinin təmiri sahələrindəki yeniliklər qonaqlara göstərilib və qarşılıqlı əməkdaşlıq perspektivləri baxımından fikir mübadiləsi aparılıb.

Görüşün birinci günü Sovet dövründə inşa olunmuş Qırmızı və Yaşıl xətlərlə davam edib. Qonaqlara Sovet dövrü metropolitenlərinin xüsusiyyətləri, avadanlıq və sistemlər və onların yenilənməsi, stansiyaların yenidənqurma işləri barədə məlumatlar verilərək, bu istiqamətdə əməkdaşlıq imkanları barədə söz açılıb. Bakı metrosu ilə tanışlıq Bənövşəyi xətt və tətbiq ediən yeni texnologiyalar və bu xüsusda “Aselsan” şirkəti ilə geniş əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Tanışlıq və müzakirələr səmimi söhbətlər əsasında keçərək, geniş və faydalı işbirliyi, qarşılıqlı əməkdaşlıq imkanlarının yeni müstəvi üzərində davam etdirilməsi barədə əminliyin ifadə olunması ilə yekunlaşıb.

"Bakı Metropoliteni"nin Bənövşəyi xəttində Fransanın “Thales” şirkətilə əməkdaşlıq şəraitində tətbiq edilən yeniliklərin mənimsənilməsi zamanı metronun gənc kadrları dünyanın bir sıra metropolitenləri ilə yanaşı, İstanbul metrosunda da davamlı təcrübə keçiblər. Bu il isə əməkdaşlığın yol təsərrüfatı, idarəetmə texnologiyaları, işarəvermə və rabitə sahələrinin əməkdaşlarının təcrübə səfərləri ilə davam edib.

44 - Tezliklə