AZPROMO şəhərlərin transformasiyasını dəstəkləyən ekosistemi gücləndirir
- 20 may, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Dayanıqlı şəhərlər üçün rəqabətqabiliyyətli tədarükçülər, müasir tikinti həlləri, logistik potensial və özəl sektorun iştirakı zəruridir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Agentlik Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışına kömək etməklə, həm də ölkə daxilində şəhərlərin transformasiyasını dəstəkləyən ekosistemi gücləndirir: "AZPROMO olaraq, eyni zamanda Azərbaycandakı investisiya imkanlarını təşviq edən beynəlxalq biznes platformalarının təşkilində və dəstəklənməsində aktiv iştirak edirik. Bunun bariz nümunəsi, Biznes, İnvestisiya və Filantropiya İqlim Platformasına birgə ev sahibliyi etdiyimiz COP29 tədbiri idi. Bu platforma 70-dən çox ölkədən 1 000-dən artıq iştirakçını bir araya gətirib və iqlimə uyğunlaşdırılmış investisiyalar, tərəfdaşlıq və özəl sektorun cəlb edilməsi üçün dəyərli bir təkan yaradıb".
O qeyd edib ki, müasir şəhərsalma layihələri iqtisadiyyatın digər sahələrindən təcrid olunmuş şəkildə mövcud deyil: "Onlar dəyər zəncirlərini formalaşdırır, ticarət üçün yeni marşrutlar açır, investisiyalar cəlb edir və biznes icmaları üçün yeni imkanlar yaradır".