“Azəristiliktəchizat” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edib
- 24 fevral, 2023
- 11:00
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Ağcabədi şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.
Qəbulda iştirak edən vətəndaşların xahişi ilə sədrin vəzifəsini müvəqqəti icra edən İ. Mirzəliyev Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələrinin yaşadığı şəhərcikdə, həmçinin orada yerləşən Xocavənd kənd 1 saylı tam orta məktəbində olmuş, sakinlərlə və məktəb kollektivi ilə görüşərək istilik təchizatı ilə bağlı onların suallarını cavablandırıb, rəy və təkliflərini dinləyərək baxılması üçün Cəmiyyətin aidiyyəti xidmət və şöbələrinə müvafiq tapşırıqlar verib.