"Azəristiliktəchizat": “Qarabağda 7 qazanxana işə salınıb”

İnfrastruktur
  • 15 noyabr, 2022
  • 07:32
Azəristiliktəchizat: “Qarabağda 7 qazanxana işə salınıb”

“Azəristiliktəchizat” ASC işğaldan azad edilmiş ərazilərdə gücü 8 min 110 kVt/saat olan 7 qazanxananın tikintisini, müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulmasını başa çatdıraraq onları işə salıb.

“Report” xəbər verir ki, bunu ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış növsmü ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qurum işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.

"Ölkə prezidentinin 8 may 2021-ci il tarixli “Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar Energetika Nazirliyi və dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla işlər görülür. Nazirlər Kabinetinin 21 iyun 2022-ci il tarixli sərəncamına ilə "İşğaldan azad edilmiş ərazilərdə 2022- 2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat"a həvalə edilib", - İ. Mirzəliyev deyib.

O, bildirib ki, bu il noyabrın 1-dən Şuşada 20-ə yaxın sosial obyekt istiliklə təmin edilir:

"İşğaldan azad edilmiş ərazilərin Baş Planlarının müzakirəsi və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərdə çıxış edirik. Şuşada 7 qazanxana və bir istilik mərkəzi istifadəyə verilib. Hazırda azad edilmiş ərazilərimizdə istilik təchizatı ilə bağlı müvafiq infrastrukturun yaradılması ilə məşğuluq", - deyə İ.Mirzəliyev bildirib.