"Azərişıq": Zəhra Əliyevanın müalicəsi üçün tədbirlər davam etdiriləcək

İnfrastruktur
  • 06 noyabr, 2019
  • 12:43
Azərişıq: Zəhra Əliyevanın müalicəsi üçün tədbirlər davam etdiriləcək

"Son vaxtlar bəzi sosial şəbəkə istifadəçiləri "Azərişıq" ASC-nin ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə heç bir maddi və mənəvi yardım göstərməməsi ilə bağlı əsassız məlumatlar yayır".

Bunu "Report"a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra balamız rəhbərliyimizin daim diqqət mərkəzində olub. Məlum hadisədə yanıq xəsarətləri almış uşağın müalicəsi və ayağa qalxması üçün "Azərişıq" əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün xərclər qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi bu məsələdə kənardan vəsait cəlb edilməsi olmayıb. Bundan sonra da Z.Əliyevanın müalicəsi üçün tədbirlər davam etdiriləcək", - deyə o, qeyd edib. 

"Azərişıq" sözçüsü vətəndaşlara da müraciət edib: "Xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verilməsin. Biz də bu ölkənin vətəndaşlarıyıq və Zəhra balamızın başına gələn bu xoşagəlməz olay insan olaraq bizi də incidir. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq və hamımız bir-birimizə dəstək verib belə çətinlikləri dəf etməliyik".