Azərbaycanın strateji təsir dairəsi coğrafi mövqeyindən daha əhəmiyyətlidir

İnfrastruktur
  • 24 avqust, 2022
  • 10:58
Azərbaycanın strateji təsir dairəsi coğrafi mövqeyindən daha əhəmiyyətlidir

"Report" Hindistanın Azərbaycandakı səfirliyinin məqaləsini təqdim edir:

Bu günlərdə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Ayuş Sarbananda Sonoval İranın Çabahar şəhərindəki Şahid Beheşti limanına səfər edərək, buranın nəqliyyat potensialını gücəndirmək məqsədi ilə 6 mobil kranı limana təhvil verdi.

Nazir səfər ərəfəsində həmçinin ölkəsinin xüsusilə Yaponiya, Cənubi Koreya və Mərkəzi Asiya ölkələri ilə ticarətindəki Çabaharın tranzit potensialını artırmaq istiqamətində tədbirlər gördüyünü açıqladı və limanı regional tranzit mərkəzinə çevirmək üçün səylərini davam etdirdiyini vurğuladı.

Digər tərəfdən avqustun 22-də İran, Rusiya və Azərbaycan gömrük rəhbərləri arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb və tərəflər Hindistan da daxil olmaqla gömrük idarələri arasında tranzitin asanlaşdırılması üçün dördtərəfli anlaşma memorandumunun imzalanmasını təklif ediblər.

Çabahar limanı Hindistanın ilk xarici liman layihəsidir. Bu liman Avrasiyanı Hind okeanı regionu ilə birləşdirən Hindistanın Hind-Sakit okean strategiyasının əsas sütunu sayılır. Liman həmçinin Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Azərbaycan üzərindən keçən bu dəhliz Hindistanın, eləcə də Hind Okeanı regionu ölkələrinin Rusiya, Avropa və Mərkəzi Asiya ölkələri ilə ticarət perspektivində da önəmli yer tutur.

Hindistanın “India Ports Global Private Limited (IPGPL)” şirkəti Şəhid Beheşti Limanının əməliyyatlarını öz üzərinə götürdüyü vaxtdan etibarən Çabahardan 4,8 milyon tondan çox yük nəql edilib.

Son vaxtlar isə Rusiya-Ukrayna müharibəsi və Qərbin şimal qonşumuza qarşı sanksiyaları, digər tərəfdən isə Qara dəniz yolunun bağlanması diqqəti yenidən Şimal-Cənub Nəqliyyat dəhlizinə və Çabahar limanına yönəldib. Bu da Azərbaycanın alternativ, sərfəli və təhlükəsiz tranzit marşrutu olaraq beynəlxalq ticarətdəki əhəmiyyətini daha da artırıb.

Rusiya ilə strateji əlaqələri olan Hindistan bu və regionun digər ölkələrinə çıxış üçün Çabahar limanından istifadə edir ki, bu da Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə konteyner daşımaları xərcini 20% azaldır. Hazırda Hindistanın bu ölkələrə illik mal ixracının dəyəri 4-4.5 milyard ABŞ dollarıdır ki, bunun da təxminən 2,85 milyard dolları təkcə Rusiyaya aiddir.

Bu illər ərzində Hindistanın Azərbaycanla ikitərəfli ticarəti 2005-ci ilin təqribən 50 milyon ABŞ dollar göstəricisindən 2021-ci ildə 739 milyon ABŞ dollarına qədər əhəmiyyətli dərəcədə artıb. İkitərəfli ticarət 2022-ci ilin yanvar-may aylarında 108,9% artaraq 871,15 milyon ABŞ dolları səviyyəsində qərarlaşıb. Beləliklə İtaliya, Türkiyə və Rusiyadan sonra Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub. Dövr ərzində Azərbaycanın Hindistana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 127,63% artaraq 796,97 milyon ABŞ dolları, Hindistandan Azərbaycana idxal isə 10,9% artaraq 74,18 milyon ABŞ dolları təşkil edib.

Çabahar limanının fəaliyyətinin artması,Hind Okeanı regionundakı digər ölkələrin MDB və Şimalı Avropa ölkələri ilə ticarətinin Şimal-Cənub dəhlizinə yönəlməsi nəticəsində Azərbaycanın beynəlxalq ticarətdəki mövqeyi daha da güclənəcək.

Azərbaycanın nəqliyyat infrastrukturu potensialını və strateji coğrafi mövqeyini nəzərə alaraq bu gəlişmələr ölkəmizə ciddi şəkildə tranzit gəlirləri gətirməklə yanaşı Azərbaycanın beynəlxalq arenadakı etibarını daha da artıracaq, Bakını qlobal ticarətdə əsas oyunçulardan birinə çevirəcək.

Siyasi yöndən baxdıqda isə Azərbaycanın geosiyasi mövqeyi və yeni tranzit-nəqliyyat xətləri, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin bu ölkədən keçməsi istər-istəməz ölkəmizin siyasi çəkisini də artıracaq və Bakının beynəlxalq sahədəki strateji təsir dairəsini genişləndirəcək.

44 - Tezliklə