Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır

İnfrastruktur
  • 26 oktyabr, 2026
  • 12:55
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır

Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənəd şəhərsalma və tikinti sahəsində islahatların davam etdirilməsi məqsədi daşıyır.

Sərəncamda bildirilir ki, Azərbaycanda tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilib.

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılır:

Komissiyanın sədri

Şahin Mustafayev – Baş nazirin müavini

Komissiyanın üzvləri:

Fövqəladə hallar nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Maliyyə nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Səhiyyə nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinin Aparatına həvalə edilir.

Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı bütün mövcud prosedurlar və mərhələlər üzrə icra intizamının cari vəziyyəti, eləcə də hər mərhələdə icra müddətlərinə riayət olunması vəziyyətinə və gecikmə səbəblərinə dair təhlillər aparılmasını təmin etməli, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin operativ həllini, prosedurlar və mərhələlər üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunmasını və icra intizamını, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini təmin etməli, aidiyyəti dövlət orqanlarından (qurumlarından) hesabatlar əldə etməklə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri ilə bağlı razılaşdırma və icazə prosedurları çərçivəsində həmin orqanlara (qurumlara) daxil olan müraciətlərə normativ hüquqi aktlarla müəyyən olunmuş müddətlərdə baxılmasına nəzarət etsin, habelə bu sahədə icra intizamının artırılması məqsədilə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübənin tətbiqi imkanlarını araşdırmalı, aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli (tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi, tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə – beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi), görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə hesabat verməli, zərurət yarandığı hallarda digər dövlət orqanlarını (qurumlarını), habelə ekspertləri (mütəxəssisləri) Komissiyanın işinə cəlb etməlidir.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etmək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etmək tapşırılıb.

Sərəncamın icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.