Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 9 %-ə yaxın artıb

İnfrastruktur
  • 11 sentyabr, 2026
  • 13:59
Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 9 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 10 milyard 931,9 milyon manat məbləğində çox xidmət göstərilib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7 % çoxdur.

Xidmətlərin 6 milyard 495,8 milyon manatı (59,4 %-i) yük daşınması, 3 milyard 071,5 milyon manatı (28,1 %-i) sərnişin daşınması, 1 milyard 364,6 milyon manatı (12,5 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşür.

Nəqliyyat sektorunda 162,7 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox yük daşınıb. Yüklərin 63,4 %-i avtomobil, 25,3 %-i boru kəməri, 7,5 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 491,1 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çox olub. Sərnişinlərin 89,8 %-i avtomobil nəqliyyatı, 9,5 %-i metro, 0,7 %-i isə digər nəqliyyat növləri ilə daşınıb.