Azərbaycanda ilk dəfə "Automechanika" beynəlxalq sərgisi keçiriləcək
- 28 oktyabr, 2025
- 11:22
2027-ci ildə Azərbaycan ilk dəfə olaraq dünyaca məşhur "Automechanika" brendinə məxsus beynəlxalq sərgiyə ev sahibliyi edəcək.
"Report" xəbər verir ki, Azərbaycanda avtomobil sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə "Automechanika" sərgisinin ölkənin avtomobil sektoruna mühüm töhfələr verəcəyi gözlənilir.
"Automechanika Baku" sərgisi 2027-ci ilin martın 3-5-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi beynəlxalq sərgi təşkilatçısı "Tajsir Expo" şirkəti tərəfindən Almaniyanın "Messe Frankfurt Exhibition GmbH" şirkəti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil ediləcək. Eyni zamanda sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.
"Automechanika Baku"nun təşkil edilməsi Azərbaycanın sürətlə inkişaf edən avtomobil sənayesi üçün mühüm mərhələ hesab olunur. Hazırda ölkədə təxminən 1,74 milyon avtomobil qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artır. Avtomobil bazarının inkişafı dövlətin nəqliyyat və logistika infrastrukturuna qoyduğu investisiyalarla dəstəklənir. Bunlara yol şəbəkələrinin, avtomobil parklarının və nəqliyyat dəhlizlərinin genişləndirilməsi daxildir. Bu ilin yanvar–avqust aylarında Azərbaycana avtomobil idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,4 % artıb ki, bu da artan tələbatı və inkişaf edən avtomobil ekosistemini nümayiş etdirir.
Bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə, Azərbaycan Qafqaz regionunda avtomobil sənayesinin strateji mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Sərgi beynəlxalq istehsalçılar, distribütorlar və yerli mütəxəssislər tərəfindən avtomobil hissələri, komponentlər, aksesuarlar, elektronika, diaqnostika, təmir, təkərlər, akkumulyatorlar və avtomobil qulluq vasitələri sahəsində innovativ həlləri təqdim etmək üçün dinamik platforma rolunu oynayacaq.
Azərbaycanın mühüm üstünlüklərindən biri onun strateji coğrafi mövqeyidir - ölkə Mərkəzi Asiya, Türkiyə, İran və Rusiyanı birləşdirərək, Yeni İpək Yolu üzərində mühüm tranzit bağlantısı rolunu oynayır və Avropa bazarlarına birbaşa çıxış imkanı yaradır. Bu amil Bakını qlobal və regional iştirakçıları bir araya gətirən yüksək səviyyəli beynəlxalq tədbir üçün ideal məkan edir.
"Messe Frankfurt Exhibition GmbH" tərəfindən yaradılmış "Automechanika" brendi, bu gün avtomobil satışdan sonrakı xidmətlər (aftermarket) sahəsində dünyanın aparıcı sərgi şəbəkəsi kimi tanınır. Bu brend Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Malayziya, Səudiyyə Ərəbistanı, Meksika, İndoneziya, Çin və digər ölkələrdə uğurla təşkil edilir. Bu beynəlxalq tədbirin Bakıda keçirilməsi, Azərbaycanın regional biznes və innovasiya mərkəzi kimi artan rolunu əks etdirən mühüm hadisədir.
Sərgiyə rəsmi dəstək göstərən Azərbaycan Avtomobil Federasiyası bu tədbirin ölkənin avtomobil ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.