Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar təqribən 20 % artıb

İnfrastruktur
  • 17 yanvar, 2024
  • 10:31
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar təqribən 20 % artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınmış yüklərin həcmi 9 milyon 10,8 min ton təşkil edib və əvvəlki ilə nisbətən 19,8 % artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, daşımaların 54,4 %-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 13 milyon 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 48,8 min tonunu və ya 82,6 %-ni tranzit yüklər təşkil edib.

2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilə nisbətən 10,7 % artaraq 23,7 min nəfər olub.

Qeyd edək ki, Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların sürətləndirilməsi və yüklərin həcminin artırılması məqsədilə gəmilər mütəmadi təmir edilir, donanma yeni gəmilərlə təchiz olunur.

Son dövrlər dünyada baş verən proseslər səbəbindən rolu artan Beynəlxalq Dəniz Ticarət Limanı da dəniz nəqliyyatı ilə daşımaların artımında mühüm rola malikdir. Artan yük həcmlərinin qəbulu və ötürülməsi prosesini daha rahat həyata keçirmək üçün Bakı limanının ikinci fazasının tikintisi ilə bağlı işlər görülür. Nəticədə limandan ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

44 - Tezliklə