Azərbaycanda daşınmaz əmlak üzrə ipoteka müqavilələrinin sayı 20 % artıb
- 26 oktyabr, 2023
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 61 393 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur.
Hesabat dövründə Azərbaycanda ən çox girov qoyulmuş daşınmaz əmlak mənzil olub. 9 ay ərzində 35 248 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bundan başqa, hesabat dövründə 11 921 torpaq sahəsi, 8 768 fərdi yaşayış evi, 2 059 qeyri-yaşayış sahəsi, 1 700 qeyri-yaşayış binası, 1 129 bağ evi və 568 digər növ daşınmaz əmlak girov qoyulub.
Hesabat dövründə Bakıda 32 484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52,9 %-ni təşkil edib. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (8 427), 2 saylı Sumqayıt (3 318), 5 saylı Xaçmaz (3 000), 3 saylı Gəncə (2 722), 9 saylı Qəbələ (1 407), 17 saylı Yevlax (1 173), 13 saylı Şirvan (1 144), 7 saylı (1 136), 11 saylı Şəmkir (919), 14 saylı Şamaxı (870), 6 saylı Beyləqan (861), 10 saylı Lənkəran (808), 12 saylı Şəki Ərazi (778), 15 saylı Tovuz (710), 8 saylı Cəlilabad (623), 18 saylı Zaqatala (508), 16 saylı Ucar (505) ərazi idarələrində aparılıb.
Yanvar-sentyabrda ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı (25 398), Abşeron (5 339), Sumqayıt (2 174), Gəncə (1 086), Yevlax (416), Şirvan (255), ən az girov qoyulduğu bölgələr isə Qəbələ (13), Şamaxı (21) və Şəmkir (24) olub.
9 ay ərzində girov qoyulmuş fərdi yaşayış evlərinin sayına görə də Bakı (2 479) ilk yeri tutub. Amma bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Paytaxtdan sonra fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə (773), 5 saylı Xaçmaz (479), 7 saylı Bərdə (426) və 10 saylı Lənkəran (347) ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Hesabat dövründə ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz (2 308), 1 saylı Bakı (1 396) və 4 saylı Abşeron (1 297) ərazi idarələri tamamlayır. Növbəti sıralarda Qəbələ (1 144), Şamaxı (670) və Gəncə (612) ərazi idarələri gəlir. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (166) və 8 saylı Cəlilabad (176) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.