Azərbaycanda CMR-in elektronlaşdırılması istiqamətində işlərə başlanılıb

İnfrastruktur
  • 03 iyun, 2026
  • 12:05
Azərbaycanda CMR-in elektronlaşdırılması istiqamətində işlərə başlanılıb

Azərbaycanda Beynəlxalq Avtomobil Yük Daşımaları Müqaviləsinin (CMR) elektronlaşdırılması istiqamətində işlərə başlanılıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, CMR beynəlxalq yükdaşımalarında nəqliyyat müşahidə sənədlərinin bəlkə də ən vacibidir: "Yaxın zamanlarda Rusiya və Türkiyə ilə ilk sınaq daşımalar planlaşdırılır. İriqabaritli, ağırçəkili nəqliyyat vasitələri ilə daşımalarda xidmət tam elektronlaşdırılıb".

Qurum rəsmisi qeyd edib ki, artıq xarici ölkələrdən, xarici ölkə daşıyıcıları müraciət edərək, Azərbaycana gəlmədən müraciətlərini göndərə, ödənişlərini ödəyə və icazələrini ala bilirlər: "Bütün bu xidmətlər daşıma proseslərinin şəffaflaşmasına, sürətlənməsinə xidmət edir".