Azərbaycana uçuşlar həyata keçirən aviaşirkət sərnişindaşımanı 79 % artırıb

İnfrastruktur
  • 04 fevral, 2022
  • 13:38
Azərbaycana uçuşlar həyata keçirən aviaşirkət sərnişindaşımanı 79 % artırıb

Qazaxıstanın Azərbaycana da uçuşlar həyata keçirən “Air Astana" şirkəti 2021-ci ildə 6,617 milyon sərnişin daşıyıb ki, bu da 2020-ci illə müqayisədə 79 % çoxdur.

“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin 3,555 milyon nəfərini aviaşirkət özü, 3,062 milyon nəfərini isə onun aşağıbüdcəli törəməsi daşıyıb. Bunlar isə illik müqayisədə 59 % və 2,1 dəfə artım deməkdir.

Bundan başqa, “Air Astana" ötən il 12,072 ton karqo daşımaları həyata keçirib ki, bu da əvvəlki ilə nisbətən 30% çoxdur.

Yüklərin 6 700 tonu çarter reysləri ilə daşınıb. Bu isə 45% artım deməkdir.

Aviaşirkətin prezidenti Peter Foster deyib ki, 6,6 milyondan çox müştəri indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir: “Ötən il Batumi (Gürcüstan), Podqoritsa (Monteneqro), Kolombo (Şri-Lanka) və Phuketə (Tayland) yeni müntəzəm uçuşlar həyata keçirmişik, həmçinin London (Böyük Britaniya), Dehli (Hindistan), Tbilisi (Gürcüstan) və Düşənbəyə (Tacikistan) reysləri bərpa etmişik. Astana ilə yanaşı, Qazaxıstanın digər 3 şəhərindən Kutaisiyə (Gürcüstan) reyslər, həmçinin, 10 yeni daxili marşrut açmışıq. 2021-ci ildə donanmamıza 3 “Airbus A321LR” və 1 “Airbus A320” təyyarəsi əlavə etmişik".

Xatırladaq ki, “Air Astana” bir qədər əvvəl Qazaxıstandakı fövqəladə vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırmışdı. Aviaşirkət uçuşları yanvarın 13-də bərpa edib.