Azərbaycan və İran birgə avtobus istehsalı layihəsinin icrası dayandırılıb
- 30 sentyabr, 2022
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
İran şirkətinin Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı ilə bağlı layihəsinin icrası dayandırılıb.
Bu barədə “Report”a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
Bunun səbəbini səfir bir sıra məsələlərlə bağlı olduğunu deyib. "O cümlədən koronavirus (COVID-19) pandemiyasının yayılması və Azərbaycana səfərlərin məhdudlaşması ilə əlaqədar pandemiya dövründə layihənin icrası dayandırılıb. Bundan sonra nəzərəçarpacaq irəliləyiş olmayıb. Amma məsələ gündəmdədir və nəzərdən keçirilir, mən şəxsən bu barədə tərəflərlə danışmışam. Ümid edirəm ki, biz gələcəkdə bununla bağlı danışıqların bərpasının şahidi olacağıq”.
Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” (25 %) ilə “Kartal Az” (75 %) birgə avtobus və yük avtomobillərinin istehsal edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulurdu. Zavodunun təməlqoyma mərasimi 2019-cu ilin aprel ayında keçirilib.
Layihənin ümumi dəyəri 10 milyon avro olacaq. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələdə 4 milyon avro yatırılacaq. İstehsal gücü birinci mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobili istehsal olunacaq. Birinci mərhələdə 10 nəfər, ikinci mərhələdə 200 nəfər işçi qəbul ediləcək.
Zavodda İsveç, Almaniya, Türkiyə və İran texnologiyasından istifadə olunacaq. Bir avtobusun dəyəri modelindən asılı olaraq 135 min -200 min avro dəyərində, 1 ədəd yük avtomobilinin 70-90 min avro dəyərində olacaq. Avtomobillərin satış bazarı MDB ölkələri, Orta Asiya, İran və Pakistan ölkələri olacaq.