Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün hansı təbii üstünlüklərə malikdir?

İnfrastruktur
  • 10 yanvar, 2024
  • 12:22
Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün hansı təbii üstünlüklərə malikdir?

Qeyri-neft sektorunun inkişafını, bu sektor üzrə ixracını artırmağı qarşısına məqsəd qoymuş hər bir ölkə özünün təbii üstünlüklərindən, xüsusilə fərqli dada malik meyvə-tərəvəzindən istifadə etməli, onların həm xammal, həm də emal olunmuş formaları ilə xarici bazara çıxmalıdır.

Bu baxımdan Azərbaycan da istisna deyil. Bəs ölkəmiz hansı təbii üstünlüklərə malikdir? "Report" mövzunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ilə müzakirə edib.

Onun sözlərinə görə, Azərbaycanın ən azı bir neçə məhsul üzrə təbii üstünlüyə malik olduğunu demək olar.

"Bu məhsullardan biri nardır. Xarici bazarda Azərbaycan narının özünə də, şirəsinə də böyük maraq var. Bu şirə Avropa ölkələrinə və ABŞ-a ixrac olunur, bunu genişləndirmək olar. Son illər nar bağ sahibləri beynəlxalq sertifikat alırlar və bu da imkan verir ki, ixrac uzaq ölkələrə də həyata keçirilsin. Hələ ki, əsas bazar Rusiyadır. Lakin Avropaya, eləcə də Qətər, Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrinə ixrac üçün də potensial böyükdür. Ötən ilin 10 ayında bu ölkələrə nar satsaq da, ixracın həcmi böyük olmayıb. Lakin hesab edirəm ki, Azərbaycan məhsulları bu bazarlarda genişlənəcək”, - deyə direktor qeyd edib.

F.Fikrətzadə narla yanaşı, Azərbaycanın fındıqda da təbii üstünlüyə malik olduğunu bildirib: "Azərbaycan dünyada aparıcı fındıq istehsalçısıdır və onun Avropa İttifaqı ölkələrində alıcıları var. Bunu da genişləndirmək lazımdır. Azərbaycanda istehsal olunan fındığın keyfiyyətinin artırılması istiqamətində layihələr həyata keçirilir. Hesab edirəm ki, fındıq ixracı daha da artacaq”.

Nazirlik rəsmisi həmçinin deyib ki, çəyirdəkli meyvələrin də ixrac potensialı var və bundan yararlanmaq lazımdır: "Çəyirdəkli meyvələr qrupu yeni bir trenddir. Ərik, gilas, şaftalı, gilanar kimi məhsullar günəşli şəraitdə yetişən məhsullardır, bizim təbii üstünlüyümüzdür. Artıq çəyirdəkli meyvələrin ixracı alma ixracını üstələməyə başlayıb. Həmçinin xurma ixracında da artım tendensiyası görürük”.

44 - Tezliklə