Azərbaycan Orta Dəhlizin cənub qolunda tranzitin əsas qərarverici mərkəzinə çevrilir

İnfrastruktur
  • 25 noyabr, 2025
  • 17:38
Azərbaycan Orta Dəhlizin cənub qolunda tranzitin əsas qərarverici mərkəzinə çevrilir

Mənzil-qərargahı Bakıda yerləşən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qeydiyyata alınması üzrə hüquqi prosedurlar tamamlanıb və qurum Azərbaycan qanunvericiliyinə uyğun şəkildə rəsmən qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda Assosiasiyanın təsisçi ölkələrinin Ümumi Yığıncağında bildirib.

ADY rəhbəri vurğulayıb ki, Çin-Avropa istiqamətində yükdaşımaların artdığı bir vaxtda marşrutların şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir və Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır.

Bildirilib ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.

Vurğulanıb ki, Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisi marşrutun əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutu Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında bağlantı yaradaraq Əfqanıstan və Pakistan üçün yeni logistik imkanlar açacaq.

R. Rüstəmov bildirib ki, Orta Dəhlizin cənub qanadının inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat körpəsi kimi rolunu daha da gücləndirəcək, tranzit həcmlərinin artmasına imkan verəcək, həmçinin Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastrukturun səmərəli istifadəsini təmin edəcək. Zəngəzur dəhlizi isə bu imkanları daha da genişləndirəcək.

Azərbaycanın sədrliyi ilə keçirilən iclasda Assosiasiyanın üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmir yolu administrasiyalarının rəhbər heyəti iştirak edib. Tədbirdə Assosiasiyanın fəaliyyətə başlaması üçün zəruri tədbirlər müzakirə olunub və korporativ struktur, Katiblik, işçi orqanların formalaşdırılması, eləcə də fəaliyyət planı təsdiq edilib.

Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üçün komitə və dispetçerləşdirmə, infrastruktur, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə işçi qruplarının əsasnamələrinin, eləcə də 2026-cı il üçün marketinq planlarının hazırlanması qərara alınıb.

Razılaşdırılıb ki, Assosiasiyanın fəaliyyətinin təşkili çərçivəsində marşrut üzrə intermodal daşımaların mövcud vəziyyəti təhlil edilməli, darboğazlar müəyyən edilməli, İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, məhdudiyyətlərin aradan qaldırılması üçün plan-qrafik hazırlanmalı və marşrutun davamlı inkişafı təmin edilməlidir.

Bundan əlavə, Assosiasiyanın Avrasiya regionunda maraqlı tərəflərlə, o cümlədən Mərkəzi Avropa ölkələri, Çin və Pakistanla - əməkdaşlıq əlaqələrinin qurulması, marşrutun beynəlxalq nəqliyyat sahəsində tanıdılması və rəqabət mövqeyinin gücləndirilməsi üçün təşviq tədbirləri zəruri hesab olunub.

Xatırladaq ki, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə yaradılıb. Təşkilatın məqsədi tranzit yüklərin cəlbi, inteqrasiya olunmuş logistika xidmətlərinin inkişafı, vahid texnologiya əsasında daşıma proseslərinin koordinasiyası və səmərəli tarif siyasətinin formalaşdırılmasıdır.

Assosiasiyanın Azərbaycana həvalə olunmuş sədrliyi ADY-nin regionda aparıcı operator kimi mövqeyini daha da gücləndirir və Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu üzrə tranzitin idarə olunduğu strateji dispetçer mərkəzinə çevirir. Bu isə tarif siyasətinin formalaşdırılması, logistika prosedurlarının standartlaşdırılması, rəqəmsal platformaların inkişafı və beynəlxalq sərmayələrin cəlb olunmasına geniş imkan yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti