Azərbaycan Braziliya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

İnfrastruktur
  • 04 sentyabr, 2026
  • 12:13
Azərbaycan Braziliya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Braziliya "Azərbaycan Hava Yolları" QSC-nin donanmasının yenilənməsini, marşrut şəbəkəsinin genişləndirilməsini, həmçinin aviasiya sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafını müzakirə edib.

"Report" xəbər verir ki, bunu AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkə hesabında qeyd edib.

Bununla bağlı müzakirələr AZAL-ın İdarə Heyətinin sədri ilə Braziliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinql ilə görüşdə aparılıb.

"Braziliyanın aviasiya sənayesində mühüm yer tutan "Embraer" şirkətinin istehsalı olan hava gəmiləri barədə də fikir mübadiləmiz olub. Hazırda donanmamızda regional və orta məsafəli marşrutlarda istismar olunan 7 "Embraer" təyyarəsinin olması bu sahədə iki ölkə arasında artıq formalaşmış praktiki əlaqələrin göstəricisidir. Cənab Səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar və qarşıdakı fəaliyyətində yeni nailiyyətlər arzulayıram", - S.Rzayev vurğulayıb.