Azərbaycan binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edəcək

İnfrastruktur
  • 24 noyabr, 2025
  • 13:20
Azərbaycan binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edəcək

Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.

"Report" bu barədə yenilənmiş "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən təxminən üç dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək.

"Binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət kəsb edir. lk olaraq, binaların yüksək səmərəli izolyasiya materialları - müasir istilik izolyasiyası və ikiqat şüşəli pəncərələrdən istifadə olunmaqla modernləşdirilməsi gözlənilir. Təkmilləşdirilmiş izolyasiya enerji səmərəliliyini artıracaq, qızdırma və soyutmaya olan enerji tələbatını azaldacaq.

İkincisi, LED işıqlandırmaya keçid və yüksək səmərəli məişət texnikasının - soyuducu, paltaryuyan və qabyuyan maşınların - təşviqi enerji istehlakını daha da azaldacaq. Nəhayət, qlobal enerji standartlarına uyğun hazırlanmış yüksək səmərəli kondisioner sistemlərinin quraşdırılması daha az elektrik enerjisi sərf etməklə soyutma səmərəliliyini artıracaq", - hesabatda vurğulanıb.

Hesabatda qeyd edilir ki, 2035-ci ilə qədər dekarbonizasiya hədəflərinə çatmaq üçün tikinti sektorunda həm mövcud, həm də yeni binaların istilik nasosları, elektrik plitələri, müasir izolyasiya, LED işıqlandırma və enerjiyə qənaətcil cihazlarla təchiz olunması üçün böyük kapital yatırımları tələb olunacaq. İlkin xərclər yüksək olsa da, elektrikli istilik nasosları qaz qazanları ilə müqayisədə təxminən üç dəfə yüksək enerji səmərəliliyinə malik olduqları üçün əməliyyat xərclərində uzunmüddətli qənaət təmin edəcəklər.

"Təbii qaz hazırda binalar üçün əsas enerji mənbəyidir. 2022-ci ildə yaşayış sektoru təxminən 4 milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0,5 milyard kubmetr qaz istehlak edib. Bu həcm ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları ölkədə tullantıların 14 %-i ilə ikinci ən böyük mənbəyə çevirib", - hesabatda qeyd edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti