Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub
- 21 oktyabr, 2025
- 12:32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 2-ci növbədənkənar sessiyasında ölkəmizi təmsil edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə qurumun İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi Fərid Murtuzov iştirak ediblər.
Sessiya zamanı "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın VI əlavəsinə təklif olunan dəyişikliklər, BDT-nin "Xalis sıfır çərçivəsi", işçi qrupların hesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Tədbir çərçivəsində "Xalis sıfır çərçivəsi"nin qəbulu ilə bağlı müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzv dövlətlər BDT-nin "Xalis sıfır çərçivəsi" üzrə konsensus istiqamətində işləməyə davam edəcəklər.
H.Abbasov sessiyanın vacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazları emissiyalarının azaldılması istiqamətində komitənin qəbul etdiyi qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd layihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addım hesab olunur.