Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib
- 15 sentyabr, 2026
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş beynəlxalq konfransda Azərbaycanın Avrasiya Məkan Məlumatları İnfrastrukturuna (ESDI) üzvlüyü rəsmən təsdiqlənib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkekdə ESDI İdarəetmə Komitəsinin 12-ci konfransında iştirak edib. Konfrans rəqəmsal transformasiya, geoməkan məlumatlarının idarə olunması, rəqəmsal xəritə texnologiyalarının tətbiqi mövzularına həsr edilib.
"Rəqəmsal transformasiya şəraitində milli məkan məlumatları infrastrukturları:intellektual geoməkan ekosistemi və ərazilərin rəqəmsal əkizləri" mövzusunda keçirilmiş tədbirdə rəis müavini qurumun fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatı və ünvan reyestrinin aparılması, daşınmaz əmlakın kadastrı, torpaq münasibətlərinin tənzimlənməsi və Azərbaycanın torpaq fondu kimi bir sıra sahələr barədə məlumat verib.
Tədbirdə üzv ölkələrin təcrübəsi, 3D xəritələrin və peyk təsvirlərinin torpaq idarəçiliyində tətbiqi, habelə ölkələrarası məlumat mübadiləsi məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində Azərbaycanın ESDI-yə üzv olması rəsmi olaraq təsdiqlənib. Sonda tərəflər arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.
ESDI region ölkələri arasında coğrafi və məkan məlumatlarının inteqrasiyasını, standartlaşdırılmasını və qarşılıqlı təhlükəsiz mübadiləsini təmin edən beynəlxalq təşəbbüs qrupudur. Bura Koreya, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Azərbaycan, Tacikistan və Özbəkistan dövlətləri üzvdür.