"AZCON Holding" və Əbu-Dabi Limanlar Qrupu arasında görüş keçirilib
- 10 oktyabr, 2025
- 15:02

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) baş icraçı direktoru cənab Məhəmməd Cuma Əl-Şamisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
"Report" bu barədə AZCON-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə "AZCON Holding"in nəqliyyat sahəsində həyata keçirdiyi layihələri müzakirə olunub. Həmçinin qurumla Holdinq arasında investisiya imkanları və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Ötən ay "Bakı Gəmiqayırma Zavodu" MMC adından çıxış edən "AZCON Holding"lə "Abu Dhabi Ports Company" ASC arasında müqavilə imzalanıb.
İnşası 2028-ci ilə qədər gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq, Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.