AZAL-ın I yarımildə Gürcüstana daşıdığı sərnişinlərin sayı açıqlanıb
- 20 sentyabr, 2021
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana (paytaxt Tbilisiyə) 13 095 sərnişin daşıyıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, yarım il ərzində qonşu ölkəyə təyyarə ilə gələnlərin təxminən 2 %-dir və ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% azdır.
Yanvar-iyun aylarında qonşu ölkəyə ən çox sərnişin daşıyan xarici şirkətlərin ilk üçlüyünə “Türk Hava Yolları” (76 216 nəfər), “SkyUp Airlines” (64 125) və “Pegasus” (43 951 nəfər) daxil olub.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası səbəbindən Azərbaycan və Gürcüstan arasında uçuşlar 2020-ci ilin mart ayından həyata keçirilmirdi. AZAL-ın aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri bu il martın 19-dan bərpa edib.