AZAL Bakı-Bişkek marşrutu ilə uçuşlara başlayır
- 01 oktyabr, 2014
- 10:01
Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu ilə birbaşa uçuşlara başlayır. Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, reys Bakı - Nyu-York - Bakı aviareysinə uyğunlaşdırılacaq, bu da Qırğızıstan vətəndaşlarının ABŞ-a rahat şəkildə getməsinə şərait yaradacaq.
Bakı-Bişkek-Bakı marşrutu ilə reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri "Airbus" tipli təyyarələrdə həyata keçiriləcək. Çərşənbə axşamı təyyarə Bakıdan yerli vaxtla saat 20:20-də havaya qalxacaq və 00:30-da (+1) Bişkekə çatacaq. Bişkekdən uçuş yerli vaxtla saat 02:50-də həyata keçiriləcək, təyyarə Bakıya saat 04:15-də çatacaq.
Bazar günləri Bakıdan təyyarə saat 10:00-da havaya qalxacaq və 15:10-da Bişkekə çatacaq. Bişkekdən uçuş yerli vaxtla saat 16:30-da həyata keçiriləcək, saat 17:55-də təyyarə Bakıya çatacaq.