AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb
- 18 may, 2026
- 15:30
Azərbaycanın ev sahibliyi etdiyi, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının "Neoplan" markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edir.
Bu barədə "Report"a AYNA-dan məlumat verilib.
Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.
Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2 909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.
Sözügedən marşrutların idarə olunmasını və nəqliyyat əməliyyatlarının icrasını AYNA-nın Monitorinq Mərkəzi 24/7 rejimində izləyir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.