Aviasiyada rəqəmsal transformasiya və təhlükəsizlik - Azərbaycanın dünyaya mesajı

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 17:57
Aviasiyada rəqəmsal transformasiya və təhlükəsizlik - Azərbaycanın dünyaya mesajı

Qazaxıstanın Almatı şəhərində 9-10 sentyabr tarixlərində keçirilən CANSO – Beynəlxalq Aeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrə Aeronaviqasiya Xidmətləri Təminatçılarının (ANSP) rəhbərlərinin 3-cü Sammitində Azərbaycanı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edib.

 "Report" xəbər verir ki, mülki aviasiya qlobal nəqliyyat sisteminin əsas sütunlarından biridir. Aeronaviqasiya xidmətləri təminatçıları (ANSP-lər) isə bu sistemin "görünməyən gücü" olaraq uçuşların təhlükəsiz, fasiləsiz və çevik idarə olunmasını təmin edir. Müasir dövrdə regional və qlobal hava dəhlizləri yalnız güclü koordinasiya, rəqəmsal idarəetmə və innovasiya üzərində dayana bilər.

 Azərbaycanın bu müzakirələrdə iştirakı sadəcə regional maraq deyil – qlobal təhlükəsizlik və davamlı inkişaf məsələsidir.

Bakıdan başlayan yol - regional əməkdaşlıqda Azərbaycan imzası

 Xatırladaq ki, bu platformanın təməli 2023-cü ildə Bakıda, Azərbaycanın təşəbbüsü ilə keçirilən ilk sammitdə qoyulub. Həmin tədbir Avrasiya üzrə hava naviqasiyası xidmətlərində əməkdaşlıq üçün yeni bir siyasi və texnoloji gündəmin başlanğıcı oldu.

 AZANS nümayəndə heyəti sammit çərçivəsində bir sıra strateji istiqamətlərə töhfə verib:

  • Regional uçuş təhlükəsizliyi üzrə vahid strategiyanın hazırlanması;
  • Aeronaviqasiya xidmətlərində rəqəmsallaşma və standartlaşdırmanın genişləndirilməsi;
  • İnnovativ texnologiyaların tətbiqi və smart-həllərin paylaşılması;
  • Regional ANSP-lərin fəaliyyətinin gücləndirilməsi və institusional əməkdaşlıq;
  • Aviasiya siyasətində koordinasiyanın artırılması.

 Bu gündəlik göstərdi ki, Azərbaycan artıq təkcə iştirakçı deyil, yönləndirici qüvvə rolunu oynayır. AZANS təhlükəsiz, əlaqələndirilmiş və qarşılıqlı işlək regional hava məkanının formalaşdırılmasında aparıcı rolunu davam etdirir.

Artan tranzit gücü və Avrasiyada mərkəzi mövqe

 Regionda hava nəqliyyatı dəhlizlərinin inkişafı, qlobal aviasiya daşımalarının fasiləsizliyinin qorunması və tranzit uçuşların ölkəmizin hava məkanına yönəldilməsi üçün xidmətlərin keyfiyyəti və buraxıcılıq qabiliyyəti daim artırılır. Son illərdə Azərbaycanın hava məkanından istifadə edən tranzit uçuşların sayı 400 %-dən çox artıb. Hazırda ay ərzində 20 mindən artıq tranzit uçuş, gündə isə orta hesabla 1 000 hava gəmisinə təhlükəsiz xidmət göstərilir.

 2024-cü ildə ölkəmiz üzərindən keçən 230 min tranzit uçuş üzrə təxminən 50 milyon sərnişin daşınıb. Artıq 200-dən çox beynəlxalq aviaşirkət Azərbaycan hava məkanını marşrut xəritəsinə daimi olaraq daxil edib. Bu faktlar Azərbaycanı təkcə regionda tranzit mərkəzinə çevirmir, həm də qlobal hava nəqliyyatında strateji qovşaq statusunu möhkəmləndirir.

 Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur hava məkanlarının beynəlxalq uçuşlara açılması Azərbaycanın aviasiya tarixində yeni mərhələdir. Burada sıfırdan qurulmuş beynəlxalq standartlara cavab verən aeronavigasiya infrastrukturu, Füzuli, Zəngilan və Laçın hava limanlarının istifadəyə verilməsi ilə birlikdə ölkəmizin regional gücünü daha da artırır.

 Bu hava limanları yalnız sərnişindaşıma üçün deyil, həm də qlobal tranzit marşrutlarının təhlükəsiz idarə olunması üçün kritik əhəmiyyət kəsb edir.

 Azərbaycanın dünyaya mesajı

Bu gün Azərbaycanın qlobal aviasiya xəritəsində rolu sadəcə coğrafi mövqe ilə məhdudlaşmır. Ölkəmiz Avropa ilə Asiya arasındakı dəhlizlərin kəsişməsində yerləşməklə yanaşı, təhlükəsizliyin təminatı, rəqəmsal transformasiyanın aparıcısı və innovasiyaların tətbiqçisi kimi çıxış edir.

Proqnozlara görə, 2040-cı ilə qədər ən sürətlə böyüyən aviasiya bazarları – Çin, Hindistan, Türkiyə, Cənub-Şərqi Asiya və Yaxın Şərq - Azərbaycanın tranzit rolunu daha da gücləndirəcək. Bu isə ölkəmizin qlobal diqqət mərkəzində qalacağını və Avrasiyanın hava körpüsü kimi əhəmiyyətini artıracağını göstərir.

Beləliklə, bu iştirak Azərbaycanın regional aviasiyada mühüm mövqeyinin əyani sübutudur. Bu liderlik təkcə region üçün deyil, həm də qlobal aviasiya sisteminin davamlı inkişafı üçün həlledici rol oynayır.

Azərbaycan bir daha sübut etdi: biz təkcə hava məkanını idarə etmirik, Avrasiyanın gələcək səmasını formalaşdırırlmasına mühüm töhfə veririk.