Astaradan İrana birxətli yeni dəmir yolu çəkilir - FOTO

İnfrastruktur
  • 21 sentyabr, 2016
  • 09:20
Astaradan İrana birxətli yeni dəmir yolu çəkilir - FOTO

Bakı. 21 sentyabr. REPORT.AZ/ Astara stansiyasından İranla dövlət sərhəddinə qədər birxətli, 8,3 km uzunluğunda yeni dəmir yolunun çəkilişi davam edir. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verilib. 

Məlumata görə, bu işlərə sentyabrın başlanılıb və artıq 5 km yol çəkilib. 

Belə ki, Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 20-də Azərbaycan-İran sərhəddində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, birxətli yeni dəmir yolu üçün torpaq yatağının hazırlanmasına başlanıb. Bu məqsədlə relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510 000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. 

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran  və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan həmin sazişə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. 

44 - Tezliklə