ASCO gəmiləri ilə yükdaşımalarda 10 % artım qeydə alınıb
- 07 oktyabr, 2025
- 10:30

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə həyata keçirilən yükdaşımalar 6,4 milyon tondan 7 milyon tona yüksəlib.
"Report" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 % çoxdur.
Bu ilin 9 ayında tanker gəmiləri ilə 3 milyon 349 min 441 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövründəki 3 milyon 28 min 549 tonla müqayisədə təxminən 10,6 % artım deməkdir.
Universal quru yük gəmiləri ilə daşımalarda isə 70 % artıma nail olunub. Bu tip gəmilərlə 9 ayı ərzində 1 milyon 19 min 65 ton yük daşınıb. 2024-cü ilin analoji dövründə isə bu rəqəm 601 min 451 ton təşkil edib.
Hesabat dövründə bərə və RoPax tipli gəmilərlə 28 min 330 ədəd avtotexnika və yük avtomobili, 28 min 76 ədəd vaqon daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm avtotexnika və yük avtomobili, həm də vaqon sayında təxminən 4 % azalma qeydə alınıb.