Appolе Mafalala: Esvatində yetkin əhalisinin yalnız 12 %-i kredit alətlərinə çıxışa malikdir
- 21 may, 2026
- 16:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Esvatinidə yetkin əhalinin yalnız 12 %-i rəsmi kredit alətlərindən istifadə edir ki, bu da ölkədə əlçatan mənzil bazarının inkişafı qarşısında əsas maneələrdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bunu Esvatinin mənzil təminatı və şəhər inkişafı naziri Appolе Mafalala Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, əhalinin rəsmi maliyyə xidmətləri ilə əhatə olunma səviyyəsinin nisbətən yüksək olmasına baxmayaraq, krallıqda real kredit alətlərinə çıxış son dərəcə məhduddur.
"Biz çox sabit, lakin kiçik maliyyə sektoruna malikik. Bu səbəbdən kommersiya bankları aşağı faizlərlə uzunmüddətli mənzil kreditlərinin verilməsində ciddi çətinliklərlə üzləşir", - nazir izah edib.
Mafalala həmçinin milli torpaq mülkiyyəti sistemi ilə bağlı spesifik çətinliklərə diqqət çəkib. Ölkədəki ərazilərin böyük hissəsi Swazi Nation Land icma sistemi çərçivəsində ənənəvi başçıların idarəçiliyi altındadır. "Problem bundadır ki, qanunla belə torpaq maliyyə sektorunda girov qismində çıxış edə bilməz", - idarə rəhbəri vurğulayıb.
O əlavə edib ki, paytaxt və mərkəzi rayonlar da daxil olmaqla, aktiv urbanizasiya zonalarında xüsusi mülkiyyətdə olan torpaq sahələri sıravi vətəndaşların bir çoxu üçün həddindən artıq bahalı olaraq qalır.
Bu sistemli problemlərin həlli üçün Esvatini hakimiyyəti əlçatan mənzil məsələlərini mənzil siyasəti, ekoloji dayanıqlıq və iqtisadi inklüzivliyi kompleks şəkildə birləşdirən 2025-2030-cu illər üçün yeni strateji plana daxil edib.
O, həmçinin beynəlxalq maliyyə institutlarını və investorları Afrikada əlçatan mənzil sektorunun inkişafında daha fəal iştirak etməyə çağırıb.