Antonio Korbelo: Kuba WUF13-də əldə etdiyi bilikləri şəhər modernləşməsinə tətbiq edəcək
- 20 may, 2026
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Kuba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) təqdim olunan qabaqcıl beynəlxalq təcrübədən şəhər mühitinin daha da modernləşdirilməsi və dayanıqlı inkişafı üçün fəal şəkildə istifadə etmək niyyətindədir.
"Report"un məlumatına görə, bunu Kubanın Milli Ərazi Planlaşdırılması və Urbanizm İnstitutunun vitse-prezidenti Antonio Korbelo WUF13 çərçivəsində keçirilən panel müzakirəsi zamanı bəyan edib.
"Biz əminik ki, daha yaxşı dünya mümkündür və hər hansı məhdudiyyətlərə baxmayaraq, şəhərlərimizin inkişafında inamla irəliləməyə davam edəcəyik", - o vurğulayıb.
Onun sözlərinə görə, Havana sərt iqtisadi çağırışlarla üzləşməsinə baxmayaraq, əhalinin əsas xidmətlərlə təmin edilməsi və infrastrukturun modernləşdirilməsi ilə bağlı proqramlar həyata keçirməyə davam edir. Dövlət günəş panellərinin tətbiqi və bərpa olunan enerjinin digər mənbələrindən səmərəli istifadə də daxil olmaqla alternativ proqramların inkişafına xüsusi diqqət yetirir.
Korbelo vurğulayıb ki, dost ölkələrin dəstəyi sayəsində Kuba ən həssas icmaların və kritik infrastruktur obyektlərinin enerji təchizatını təmin edə bilib. "Xəstəxanalar, poliklinikalar və əhaliyə həyati əhəmiyyətli xidmətlər göstərən digər müəssisələr elektrik enerjisi ilə təmin olunur", - Kuba nümayəndəsi bildirib.
Bundan başqa, onun sözlərinə görə, sosial cəhətdən həssas əhali kateqoriyalarının dəstəklənməsinə xüsusi diqqət yetirilir. Bu proqramın əsas benefisiarları çoxuşaqlı ailələr (üç və daha çox uşağı olan), tək analar, yetim uşaqlar, əlilliyi olan uşaqlar, həmçinin evdə daimi tibbi yardıma ehtiyacı olan insanlardır.
Kuba nümayəndəsi həmçinin ən yüksək həssaslıq səviyyəsinə malik bölgələrə içməli suyun fasiləsiz verilməsini təmin etmək məqsədilə su təchizatı sahəsində genişmiqyaslı dövlət proqramının həyata keçirilməsi barədə məlumat verib.
Korbelo əlavə edib ki, Kubada bütün sosial təşəbbüslər bir-biri ilə ciddi şəkildə əlaqələndirilir və bu, xüsusilə mənzil tikintisi və əsas xidmətlərə çıxış problemi yaşayan rayonların inkişafı seqmentini də əhatə edir.