Anqola nümayəndəsi: "WUF13 bilikləri təkmilləşdirmək üçün çox yaxşı imkandır"

İnfrastruktur
  • 17 may, 2026
  • 11:40
Anqola nümayəndəsi: WUF13 bilikləri təkmilləşdirmək üçün çox yaxşı imkandır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakı və hər bir iştirakçı üçün biliklərini təkmilləşdirmək adına çox yaxşı imkandır.

Bunu "Report"a açıqlamasında Anqola Şəhər Laboratoriyasının direktoru və həmtəsisçisi Ana Kristina İngles WUF13 çərçivəsində deyib.

A. İngles bildirib ki, forum təcrübə mübadiləsi baxımından əhəmiyyəti yüksəkdir: "Bu formatda olan forumlar bir-birimizi dinləmək və bir-birimizdən öyrənmək üçün ən yaxşı fürsətdir. Ona görə də, bu həm Bakı, həm də buradakı hər kəs üçün biliklərini təkmilləşdirmək və bir-birindən nəsə öyrənmək üçün çox yaxşı imkandır. Bu tədbirin ən yaxşı və ən vacib nəticəsi liderlərin burada olması, icmaların və özəl sektorun burada təmsil olunmasıdır. Düşünürəm ki, bu, siyasəti planlaşdırmaq, icmaların real ehtiyaclarını dinləmək və onların üzləşdiyi problemlər üçün həll yolları hazırlamaq üçün yaxşı fürsətdir. Məncə, bizdə bunun üçün mükəmməl bir tərkib toplanıb".

O, şəhərlərin gələcək inkişafı üçün dayanıqlı investisiya mühitinin yaradılmasının vacibliyini diqqətə çatdırıb: "Hesab edirəm ki, hazırkı əsas mesaj şəhərlərə investisiya məkanı kimi baxmaqdır və bu investisiyalar qorunmalıdır. Deməli, bizə sabitlik lazımdır. Amma biz həm də bu investisiyalara uzunömürlü, yəni həm indiki, həm də gələcək nəsillərə xidmət edəcək bir amil kimi baxmalıyıq. Dünyada müəyyən qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda burada aparılan müzakirələrin bizə humanizm və kollektiv dözümlülük hissi aşılayacağına, fərqliliklərimizə qalib gəlməyə və icmalarımızın həyat standartlarını yüksəltmək üçün ortaq yol tapmağa kömək edəcəyinə inanıram".