Anar Rzayev: "Avtobus parkının yenilənməsi üçün "brutto müqavilə" sistemi tətbiq ediləcək"
- 22 sentyabr, 2025
- 11:32

Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobus şəbəkəsinə çıxışı məhduddur.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.
Onun sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir: "Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür.
Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə "brutto müqavilə" sistemi tətbiq ediləcək".
A. Rzayev qeyd edib ki, model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.
O vurğulayıb ki, "brutto müqavilə" modelinin tətbiqindən sonra daşıyıcının riskləri azalacaq, xidmət keyfiyyəti və əlçatanlıq artacaq, bazar amillərindən asılılıq azalacaq, sahənin "kölgə" iqtisadiyyatından çıxması daha da sürətlənəcək, ictimai nəqliyyat xidmətlərinin cəlbediciliyi artacaq, yol hərəkəti təhlükəsizliyi artacaq, ətraf mühitə mənfi təsir azalacaq.