Anaklaudia Rossbax: "Mənzil problemlərinin həlli üçün dövlət və icmalar arasında əməkdaşlıq zəruridir"
- 19 may, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil sahəsində problemlərin həlli üçün dövlət, icmalar və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlıq vacibdir.
"Report" xəbər verir ki, bunu bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
O qeyd edib ki, mənzil siyasəti ekoloji, sosial, şəhərsalma və iqtisadi komponentləri əhatə edən mürəkkəb ekosistemdir və bu səbəbdən tərəfdaşlıq əsas şərtdir: "İcmalarla, yerli liderlərlə və yerli hakimiyyətlə işləmədən bu məsələləri həll etmək mümkün deyil. Hər şey yerli səviyyədə baş verir. Mənzil siyasətinin həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi milli büdcələrdir. Bir çox ölkə cəsarətli qərarlar qəbul edərək mənzil üçün ayrılan büdcəni artırıb. Heç bir ölkə daxili maliyyə resurslarını səfərbər etmədən mənzil problemini həll edə bilməyib".
Onun sözlərinə görə, mənzil sahəsində şəhərlərin planlaşdırılması üçün qanunvericilik, siyasət və hüquqi mexanizmlər də vacib rol oynayır: "UN-Habitat üzv dövlətlərlə birlikdə "mənzil üzrə açıq işçi qrupu" çərçivəsində fəaliyyət göstərir və bu proses iki əsas nəticəyə yönəlib. Birincisi, ölkələrin bu problemləri necə həll edə biləcəyinə dair siyasət tövsiyələrinin hazırlanmasıdır. İkincisi isə beynəlxalq səviyyədə ortaq yanaşmanın formalaşdırılmasıdır. Siyasi liderlər mənzili prioritetə çevirdikdə müəyyən siyasi maneələrlə üzləşirlər. Mənzil siyasəti zaman tələb edir və xüsusilə qlobal Cənub ölkələrində hər kəsə eyni anda dəstək vermək mümkün olmur".
A. Rossbaxın sözlərinə görə, beynəlxalq bilik mübadiləsi və təşviqat platformaları mənzilin inkişaf üçün əhəmiyyətini gündəmdə saxlamaq baxımından vacibdir: "Təşkilat yerli hakimiyyət orqanlarını, akademik dairələri, icma liderlərini və vətəndaş cəmiyyətini bir araya gətirmək imkanına malikdir. Bu, idarəetmə baxımından çox vacibdir. Çünki əsas məsələ bütün tərəfləri eyni masa arxasında toplamaqdır. Qlobal inkişaf və iqlim maliyyəsi mövcuddur, lakin həmin vəsaitlərin daha böyük hissəsinin mənzil sektoruna yönəldilməsinə ehtiyac var. Beynəlxalq inkişaf yardımlarında mənzilin payı çox kiçikdir. Bunun genişləndirilməsi üçün çalışmalıyıq".