Anaklaudia Rossbax: "Qlobal mənzil fondunun illik modernləşdirmə göstəriciləri 1 %-dən aşağıdır"

İnfrastruktur
  • 19 may, 2026
  • 15:08
Anaklaudia Rossbax: Qlobal mənzil fondunun illik modernləşdirmə göstəriciləri 1 %-dən aşağıdır

Qlobal mənzil fondunun illik modernləşdirmə göstəriciləri 1 %-dən aşağı olaraq qalır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rossbax bəyan edib.

Onun adından bəyanatı Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub.

A.Rossbaxın sözlərinə görə, 2050-ci ildə mövcud olacaq mənzil fondunun böyük hissəsi artıq bu gün mövcuddur: "Bununla belə, qlobal illik modernləşdirmə göstəriciləri 2030-cu ilə qədər tələb olunan 2,5 % hədəfindən çox uzaqdır. Tənzimləyici çərçivələr və bazar stimulları hələ də modernləşdirmə əvəzinə söküntüyə, davamlı alternativlər əvəzinə isə yüksək karbonlu materiallara üstünlük verir. Bu dəyişməlidir. Tikinti qaydaları, dövri iqtisadiyyat prinsipləri və enerji səmərəliliyi standartları ilə bağlı tövsiyələr iddialı və ölkə kontekstinə həssas olmalıdır".