Almatı merinin müavini: "Mərkəzi Asiya şəhərləri eyni çağırışlarla üz-üzədir"

İnfrastruktur
  • 20 may, 2026
  • 13:08
Almatı merinin müavini: Mərkəzi Asiya şəhərləri eyni çağırışlarla üz-üzədir

Mərkəzi Asiya şəhərləri eyni çağırışlarla üz-üzədir.

"Report" xəbər verir ki, bunu Almatı şəhər merinin müavini Nurlan Abdrahim Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, region şəhərləri sürətli əhali artımı, nəqliyyat sıxlığı, havanın çirklənməsi, iqlim dəyişiklikləri və infrastruktura artan təzyiq kimi çağırışlarla qarşılaşır: "Xüsusilə Almatı üçün hava keyfiyyəti və urbanizasiya təzyiqi əsas problemlərdən biridir. Qazaxıstanın ən böyük meqapolisi olan Almatı nəqliyyat tullantılarının, enerji mənbələrinin və urbanizasiyanın ətraf mühitə təsirini ciddi şəkildə hiss edir".

N. Abdrahim əlavə edib ki, Almatı İstilik Elektrik Mərkəzini qazla işləyən sistemə keçirir: "Layihə çərçivəsində İstilik Elektrik Mərkəzi qazla işləyən sistemə keçirilir. Bu addım şəhərdə çirkləndirici tullantıların həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Almatıda atmosfer havasının qorunmasına dair yeni qaydalar hazırlanır və bu sənəd ekoloji idarəetmənin gücləndirilməsinə xidmət edəcək".

O qeyd edib ki, Almatı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) platformasında öz urban təcrübəsini bölüşmək niyyətindədir: "Almatı şəhəri SPECA platformasında yalnız beynəlxalq təcrübəni öyrənmək deyil, öz urban inkişaf yanaşmalarını da bölüşmək niyyətindədir. Hazırda Almatıda şəhərin yaşıl karkasının genişləndirilməsi, ictimai məkanların inkişafı və su kanalları şəbəkəsinin bərpası istiqamətində işlər görülür. Atmosfer havasının monitorinqi üçün rəqəmsal texnologiyalar tətbiq olunur və monitorinq stansiyalarının sayı artırılır".

44 - Tezliklə