Albaniyalı ekspert: Şəhərsalmada effektivliyi artırmaq üçün qanunvericilik təkmilləşməlidir

İnfrastruktur
  • 19 may, 2026
  • 15:05
Albaniyalı ekspert: Şəhərsalmada effektivliyi artırmaq üçün qanunvericilik təkmilləşməlidir

Şəhərsalma sahəsində effektivliyin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.

"Report" xəbər verir ki, bunu albaniyalı müstəqil mənzil eksperti Doris Andoni WUF13 çərçivəsində keçirilən "Köçkünlüyün Ön Xəttində Şəhərlər - İnklüzivlik və Davamlılıq üçün İdarəetmə" adlı tədbirdə deyib.

O, Balkan regionunda yerləşən dövlətlərdəki mənzil probleminə toxunaraq qeyd edib ki, həmin ölkələrdə bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur:

"Öncə onu qeyd edim ki, ilk dəfə olduğum Bakı çox xoşuma gəldi. Artıq 30 ildir ki, Albaniyada mənzil siyasəti və proqramlarının hazırlanması ilə məşğulam. Region ölkələrindəki vəziyyətdən bəhs etsək, məsələn, Monteneqroda binaların keyfiyyət, həmçinin idarəetmə və texniki qulluq problemi var. Eyni zamanda, müvafiq qanunların qəbul edilməsinə baxmayaraq, lazımi strukturlar qurulmayıb".

D.Andoni əlavə edib ki, şəhərsalma sahəsində effektivliyin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi zəruridir:

"Bəzi ölkələrdə mərkəzi hökumətin qanunları ilə yerli icra hakimiyyətlərinin imkanları bir-birinə uyğun gəlmir. Beləliklə, hüquqi baza yerli idarəetmənin mənzil təminatı baxımından yerinə yetirməli olduğu bütün funksiyaları müəyyənləşdirsə də, maliyyə və kadr dəstəyini təmin etmir. Mərkəzsizləşdirmə özlüyündə bir prosesdir, lakin son hədəf deyil. Məsələn, Albaniyada bu proses 2000-ci ildən desentralizasiya haqqında qanunla başlayıb. Müəyyən müddət ərzində işlər yaxşı getdi, indi isə səlahiyyətləri yenidən mərkəzdə toplamaq meyli müşahidə olunur. Bu tendensiya digər ölkələrdə də müşahidə olunur".