Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
- 19 may, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) mənzil böhranının həlli çərçivəsində uzunmüddətli islahatları irəli sürməklə yanaşı, təcili həll yollarını təmin etməyə çalışır.
"Report"un məlumatına görə, bu barədə energetika məsələləri üzrə Avropa komissarı Dan Yorgensen Bakıda keçirilən Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal mənzil böhranı: plan nədir?" panel müzakirəsindəki videomüraciətində bəyan edib.
"Avropada inanırıq ki, mənzil məsələsi insan ləyaqəti və sosial ədalət məsələsidir. Söhbət hər bir insanın fundamental hüquqlarından birinin - təhlükəsiz və sağlam məkanda yaşamaq hüququnun həyata keçirilməsindən gedir. Bununla belə, Avropada və onun hüdudlarından kənarda xeyli sayda insan üçün bu hüquq hələ də əlçatmaz olaraq qalır. Qarşılaşdığımız vəziyyət sadəcə mənzil problemi deyil, ictimai həmrəyliyi məhv edən tammiqyaslı sosial böhrandır. Bu, rəqabətqabiliyyətliliyi təhlükə altına alan, əmək mobilliyini ləngidən və təhsil sahəsində inkişafı yavaşıdan iqtisadi bir çağırışdır. Bu, demoqrafik vəziyyətə zərbə vuran böhrandır, çünki gənclərin böyük bir qismi evini tərk edib öz ailəsini qurmaq imkanından məhrumdur", - D.Yorgensen vurğulayıb.
Onun sözlərinə görə, Aİ ərazisində bir milyondan çox evsiz, o cümlədən 400 mindən çox uşaq var:
"Bu statistika qətiyyən qəbuledilməzdir. Avropa İttifaqında mənzil siyasəti üzrə əsas məsuliyyət üzv dövlətlərin, eləcə də regional və bələdiyyə hakimiyyəti orqanlarının üzərinə düşür. Lakin Avropa İttifaqı da öz töhfəsini verməyə borcludur və real müsbət təsir göstərmək iqtidarındadır. Biz tarixdə ilk hər kəs üçün mənzillə təminata dəstək üzrə Avropa planını qürurla təqdim edirik. Əsas prioritetimiz əlçatan mənzildir, çünki gəlir səviyyəsi öz evinə sahib olmaq yolunda maneəyə çevrilməməlidir. Biz dayanıqlı mənzili diqqətə çatdırırıq, çünki enerji səmərəli binalar təkcə ətraf mühitə deyil, həm də ailə büdcəsinə fayda verir".