Agentlik: Su şəbəkəsinə qoşulma tam elektron qaydada həyata keçirilir

İnfrastruktur
  • 30 sentyabr, 2025
  • 16:18
Agentlik: Su şəbəkəsinə qoşulma tam elektron qaydada həyata keçirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su şəbəkəsinə qoşulmanın bütün mərhələlərdə tam elektron qaydada həyata keçirilməsini təmin edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov təmsil etdiyi qurumun İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi tədbirdə bildirib.

Onun sözlərinə görə, bu addım şəffaflığı, operativliyi və dəqiqliyi təmin etməklə yanaşı, vətəndaşların müxtəlif tələblərinin qarşılanmasına da imkan yaradır: "İlin əvvəlindən indiyə qədər 8 245 müraciət qəbul olunub. Onların 58 %-i iri şəhərlərə, 42 %-i isə kənd və regional ərazilərə aiddir. Ümumilikdə müraciətlərin 58 %-i əhali, qalanı isə qeyri-əhali kateqoriyası üzrə edilib".

İ. Bayramov əlavə edib ki, vətəndaş müraciətlərinin sadələşdirilməsi məqsədilə yeni imkanlar yaradılıb: "Agentliyin vahid 955 çağrı mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir, ilin əvvəlindən 631 mindən çox müraciət qəbul edib. Bu müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınır, icra olunur. Hər bir müraciət üzrə işlərin görülməsi, araşdırmaların aparılması sistem üzərindən izlənilir, icra müddətləri müəyyən edilir, həmin müddətdə tamamlanır. Müraciətlərin sayının çoxluğu bir tərəfdən vətəndaşların xidmətlərə əlçatanlığını, digər tərəfdən isə mövcud problemlərin hələ də olduğunu göstərir".

Onun sözlərinə görə, vətəndaşlara xidmətlərin daha əlçatan olması üçün "e-su" elektron portalı da istifadəyə verilib: "Portal və onun mobil tətbiqi vasitəsilə 9 ay ərzində 10 328 elektron xidmət göstərilib. Bu da əvvəlki dövrlərlə müqayisədə daha yüksək göstəricidir".

Son xəbərlər

Bütün Xəbər Lenti