ADY: Mərkəzi Asiya ilə inteqrasiya regionun yük bazasını və iqtisadi potensialını genişləndirəcək

İnfrastruktur
  • 08 sentyabr, 2026
  • 12:52
ADY: Mərkəzi Asiya ilə inteqrasiya regionun yük bazasını və iqtisadi potensialını genişləndirəcək

Mərkəzi Asiya ölkələri ilə genişmiqyaslı inteqrasiya və kooperasiya əlaqələrinin qurulması davam edir və bu çərçivədə Azərbaycan mərkəzi nəqliyyat qovşağı, eləcə də beynəlxalq marşrutlara çıxış nöqtəsi kimi qəbul edilir.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən V "Qara dəniz-Xəzər Logistika Forumu 2026"da bildirib.

"Hətta "land-locked" (quru ilə əhatə olunmuş) və "land-linked" (quru ilə əlaqələndirilmiş) ölkələr kimi anlayışların fərqləndirilməsi də mövcuddur. Söhbət birləşmədən və Azərbaycan vasitəsilə "böyük suya" çıxışın təmin edilməsindən gedir. Mərkəzi Asiyadan olan qardaşlarımız və qonşularımızla qarşılıqlı fəaliyyət bütün regionun iqtisadi inkişaf potensialını əhəmiyyətli dərəcədə artıracaq, logistika baxımından isə yük bazasını artırmağa imkan verəcək. Dəmir yolu administrasiyaları kooperasiya mexanizmlərinin formalaşdırılması, kommunikasiyanın qurulması və artıq qeyd edildiyi kimi, iş proseslərinin sinxronlaşdırılması üzrə genişmiqyaslı işlər aparırlar", - ADY-nin müşaviri vurğulayıb.

E.Məmmədov qeyd edib ki, bu vəziyyətə dəmir yolu sahəsi baxımından yanaşılsa, buraya vaqon parkının modernləşdirilməsi məsələləri də daxildir: "Danışıqlar elə qurulur ki, tərəflər səyləri təkrarlamasın, əksinə, qarşılıqlı şəkildə bir-birini tamamlasınlar. Müzakirələr mərhələsində olan oxşar proses Gürcüstan Dəmir Yolu ilə də aparılır. Gürcüstan artıq "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyasına qoşulub".

O bildirib ki, Avrasiya Nəqliyyat Marşrutu Azərbaycanın təşəbbüsü ilə yaradılmış yeni istiqamət və assosiasiyadır: "Bu marşrut Orta Dəhlizin cənub qolu boyunca uzanır. Hazırda assosiasiyanın tərkibinə Özbəkistan, Qırğızıstan, Azərbaycan və Gürcüstan daxildir. Yeni assosiasiya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu tamamlayan paralel platforma kimi fəaliyyət göstərəcək".

44 filmi