ADSEA: İqlim risklərinin proqnozlaşdırılmasında süni intellektdən istifadə ediləcək
- 08 sentyabr, 2026
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda iqlim risklərinin proqnozlaşdırılmasında süni intellektdən istifadə planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə çaylarda su axınlarının qiymətləndirilməsi məqsədilə 84 hidroloji məntəqə fəaliyyət göstərir: "Onlardan 40-da avtomatlaşdırılmış ölçü cihazlarından, 44-də isə ənənəvi rejimdə tamasallardan istifadə olunur. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya çərçivəsində əsas məqsəd sözügedən müşahidə şəbəkəsini genişləndirmək, daha da modernləşdirmək və çevik, dəqiq və operativ məlumat bazası formalaşdırmaqdır. Bu addımlar çaylarda su sərfinin və su səviyyəsinin proqnozlaşdırılmasına, daşqın və quraqlıq risklərinin daha erkən müəyyən edilməsinə, riskli ərazilərin aşkarlanmasına və mümkün təsir zonalarının əvvəlcədən qiymətləndirilməsinə imkan verəcək".
"Növbəti mərhələdə isə süni intellektin dəstəyi ilə tarixi hidroloji məlumatlar, meşə-loji müşahidələr, peyk məlumatları, GİS xəritələri və iqlim ssenariləri nəzərə alınmaqla iqlim risklərinin erkən mərhələdə müəyyənləşdirilməsi mümkün olacaq. Burada xüsusilə qeyd etmək istədiyim məqam inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında texnoloji və institusional potensial fərqidir. Qabaqcıl süni intellekt sistemləri böyük həcmli və yüksək keyfiyyətli məlumatlar, hesablama imkanları, çərçivə ekspertizası və maliyyə resursları tələb edir. Buna görə də beynəlxalq əməkdaşlıq yalnız texnologiya transferinə deyil, həmçinin milli potensialın və insan resurslarının inkişafına yönəlməlidir. Xüsusilə çay hövzələrini və iqlimlə əlaqəli riskləri bölüşən ölkələr arasında güclü regional əməkdaşlığın yaradılması çox vacibdir", - deyə sədr müavini əlavə edib.
Onun sözlərinə görə, erkən xəbərdarlıq sisteminin yalnız bir ölkə daxilində qurulması gözlənilən effekti tam təmin edə bilməz: "Təhlükəli hidrometeoroloji hadisələr genişmiqyaslı regional atmosfer və hidroloji proseslərin nəticəsidir və dövlət sərhədləri ilə məhdudlaşmır. Birgə əməkdaşlıq və daimi əsasda məlumat mübadiləsi çay axınlarının proqnozlaşdırılmasına, su qıtlığı dövrlərinin müəyyən olunmasına, su anbarlarının idarə edilməsinin optimallaşdırılmasına və iqlim dəyişikliyinin su ehtiyatlarına təsirlərinin qiymətləndirilməsinə də müsbət təsir göstərəcək".
"Süni intellekt erkən xəbərdarlıq sistemlərini gücləndirmək və iqlimlə əlaqəli risklərin daha səmərəli idarə olunması üçün əhəmiyyətli imkanlar yaradır. Lakin bunun uğuru yalnız alətlərin tətbiqindən deyil, həm də güclü müşahidə şəbəkələrindən, institusional potensialdan, beynəlxalq əməkdaşlıqdan və məsuliyyətli idarəetmədən asılıdır. Bütün bu amillərin bir araya gəlməsi bizə iqlim hadisələrini daha erkən proqnozlaşdırmağa, su ehtiyatlarını daha səmərəli idarə etməyə, icmaları qorumağa və iqlimə dayanıqlılığı gücləndirməyə imkan verəcək", - deyə ADSEA rəsmisi fikrini tamamlayıb.