ADSEA: Azərbaycanın su anbarlarında 17 milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur
- 24 fevral, 2026
- 12:41
Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin su anbarlarında təxminən 16-17 milyard kubmetr su ehtiyatı mövcuddur, illik istehlak isə 11-12 milyard kubmetr təşkil edir:
"Əslində topladığımız su ehtiyatları, ambarlarımızın mütəşəkkil idarəetməsi və mövsümsəl doldurulmasını nəzərə aldıqda bir neçə il də bəs edər. Lakin su qıtlığının artan tempi və istifadənin artışını nəzərə aldığımızda, sudan səmərəli istifadəni və yeni alternativ su ehtiyatları yaratmamızı zəruri edir. Eyni zamanda, köhnəlmiş infrastruktur səbəbindən suyun paylanması zamanı ciddi itkilər yaranır. Su ehtiyatlarının səmərəli idarə olunması və itkilərin azaldılması prioritet istiqamətlərdəndir".