ADB Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası layihəsinin icra müddətini uzadıb
- 31 iyul, 2023
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) ümumi dəyəri 331 milyon ABŞ dolları olan Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası layihəsinin icra müddətini 2024-cü ilin sonuna qədər uzadıb.
Bu barədə "Report" layihənin 2022-ci ilin yekunlarına dair audit edilmiş maliyyə hesabatlarına istinadən məlumat verir.
Layihə çərçivəsində Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 km uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, o cümlədən tikinti konstruksiyalarının və dəmiryolu keçidlərinin tikintisi və quraşdırılması, həmçinin "Şimal-Cənub" dəmir yolu dəhlizinin Yalamadan Astaraya qədər olan hissəsinin yenilənməsi üçün elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya kimi digər əsas dəmir yolu obyektlərinin təkmilləşdirilməsi üzrə mərhələli strategiyanın hazırlanması nəzərdə tutulur.
Dəmir yolu rabitəsinin yaxşılaşdırılmasında və maliyyə cəhətdən əlverişli dəmir yolu əməliyyatlarının həyata keçirilməsində “Azərbaycan Dəmir Yolları” QSC-yə yardım etmək məqsədilə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixində 150 milyon ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı “Dəmir yolları sektorunun inkişafı layihəsi üzrə Kredit Müqaviləsi” imzalanıb. Bu, layihənin ümumi dəyərinin 45,32 %-ni təşkil edir.
Bundan əlavə, Azərbaycan hökuməti ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında 11 mart 2019-cu il tarixdə 93,159 milyon avro (105 milyon ABŞ dolları) dəyərində kredit sazişi imzalanıb. Bu müqavilənin müddəti 2022-ci ilin sonunda başa çatıb. AFD-nin təqdim etməli olduğu vəsait layihə dəyərinin 31,72 %-ni təşkil edir.
Azərbaycan hökumətinin layihədə iştirak payı 76 milyon ABŞ dolları (layihə dəyərinin 22,96 %-i) təşkil edir. Bu vəsait hesabına layihə ilə bağlı vergi və rüsumların ödənilməsi planlaşdırılır.
“Gözlənilən iqtisadi səmərə əsasən Bakı-Yalama dəmir yolu və daha geniş mənada Azərbaycandan keçməklə Cənubi Asiya və Rusiya arasında yükdaşımaların artması ilə bağlıdır. Belə ki, bu istiqamətdə dəmir yolu yükdaşımaları Xəzər dənizi və ya Süveyş kanalı vasitəsilə tranzitdən daha asan başa gələcək. Bundan başqa, daşınan sərnişinlərin sayında da artımın qeydə alınacağı gözlənilir”, - ADB-nin hesabatında deyilir.
Bank qeyd edir ki, Azərbaycan ərazisində dəmiryolu xəttlərinin ümumi uzunluğu 2 000 km-dən bir qədər artıqdır, lakin Sovet dövründə tikilmiş dəmir yolu infrastrukturu yararsız vəziyyətə düşüb: "Bu vəziyyət həm dəmir yolu əməkdaşlarının, həm də sərnişinlərin təhlükəsizliyinə, həmçinin sənayenin enerji səmərəliliyinə və rəqabət qabiliyyətinə mənfi təsir göstərir".